Beton bütün dünyada ən çox istifadə olunan, effektiv tikinti materiallarından biridir. Lakin, zaman keçdikcə müxtəlif daxili və xarici amillərin təsirindən binaların, tikililərin həm iç, həm də çölündə müxtəlif qırılmalar, zədələnmələr olur. Bu da öz növbəsində binaların görüntüsünü korlayır və sistemin mexaniki xüsusiyyətləri üçün təhlükə yaradır. Belə problemlərin vaxtında aradan qaldırılması gələcəkdə yarana biləcək daha böyük təhlükələrin qarşısının alınması baxımından son dərəcə önəmlidir.
Son illərə qədər beton konstruksiyalardakı qırılmalar və bu kimi digər problemlərin həllində ən optimal variant strukturu yenisi ilə əvəz etməkdən ibarət idi. Son illərdə isə bu metod beton təmiri işləri ilə əvəz olunmuşdur. Həm daha az məbləğ tələb etməsi, həm də ekologiyaya daha az karbon xaric etməsi ilə beton təmiri ən çox üstünlük verilən həll yollarından birinə çevrilmişdir. Müasir texnoloji yeniliklər əsasında hazırlanan beton təmiri vasitələri indi daha davamlı, güclü və tez quruyan məhsullardır.
Beton təmirinə başlamazdan öncə mövcud problemləri analiz etmək lazımdır. Bu mərhələdə onların yaranma səbəbini, zədələnmə və ya qırılmaların yeri, ölçüsü müəyyənləşdirilməli və buna uyğun olaraq təmir materialları seçilməli, təmir planı qurulmalıdır. Əks təqdirdə, görülən beton təmiri işləri mənfi nəticələr verə, deformasiyalara səbəb ola bilər.
Beton təmiri prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
- İlkin mərhələdə beton təmirinə başlamazdan öncə təmirə nə üçün ehtiyac olduğu aydınlaşdırılmalıdır. Bu prosesdə mövcud problem araşdırılır. Daha sonra isə bu problemə gətirib çıxaran səbəblər müəyyən edilir və dəyən zərərin böyüklüyü hesablanır. Yaranan vəziyyətə gətirib çıxaran amillər dəqiqliklə araşdırılmalıdır. Çünki düzgün təyin olunmamış səbəblər fərqli və məqsədəuyğun olmayan beton təmiri üsulları deməkdir.
- Növbəti mərhələdə uyğun beton təmiri üsulları seçilir və planlaşdırılır. Burada daha qısa müddət tələb edən metodlara və keyfiyyətli məhsullara üstünlük vermək lazımdır.
- Daha sonra isə beton təmiri mərhələsində öncədən planlaşdırılmış beton təmiri işləri həyata keçirilir. Burada işçilərin təlim görmüş olması önəmli amillərdən biridir. Bu onların bütün iş proseslərindən xəbərdar olması, məhsul və müxtəlif vasitələrdən necə istifadə edəcəklərini bilməsi və təhlükəsizlik qaydalarına əməl etməsi üçün vacibdir. Komandanın təmir işlərini plana uyğun yerinə yetirməsi isə digər bir mühüm məsələdir.